Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq tədbirdə iştirak ediblər
Konfranslar 05 ноя 2025, 11:39AMEA əməkdaşları Türkiyənin İstanbul Gelişim və Beykent Universitetlərinin birgə təşkilatçılığı ilə İstanbul Gelişim Universitetində keçirilmiş “Qara dəniz və Xəzər hövzəsi ölkələri: Qara dəniz və Xəzər hövzəsində sabitlik axtarışı” adlı beynəlxalq simpoziumunda iştirak ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, Multikulturalizm və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva “Ermənistanın Azərbaycan Respublikasına qarşı Xocalı Soyqırımı: Qlobal İnsan Hüquqları Kontekstində 20-ci əsrin ən dəhşətli hadisəsi”, Tarix və Etnologiya İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımov “Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə Türkiyə-Naxçıvan əlaqələri”, Azərbaycan İdarəetmə Akademiyasının dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Murtəza Həsənoğlu “Azərbaycan-Qarabağ qələbəsinin Qafqaz geosiyasətində tarixi əhəmiyyəti”, İdentiklik, Multikulturalizm və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin elmi işçisi Sevinc Quliyeva “Azərbaycan Respublikasının Zəfər Bayramının 5 ili. Nailiyyətlər və çağırışlar”, Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin elmi işçisi Hafizə İmanova “İqlim dəyişikliyinin Azərbaycandakı Xəzər dənizinə təsiri” mövzuları ilə beynəlxalq simpoziumda çıxış ediblər.
Çox sayda Türk Dövlətləri ölkələrinin alimlərinin iştirak etdikləri bu simpoziumda çağdaş mərhələdə Qara Dəniz və Xəzər Hövzəsi regionunda cərəyan edən hadisələr, inkişaf və tənəzzül prosesləri və digər elmi-aktual problemlər geniş şəkildə müzakirə edilmiş və alimlərimizin məruzə və çıxışları maraqla qarşılanmış, onlara simpoziumun sertifikatları təqdim olunmuşdur.
Mehri Qasımova
İdentiklik, Multikulturalizm və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin əməkdaşı









