Azərbaycanlı filosof beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib
--- 25 ноя 2025, 11:12AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyeva Amerikanın nüfuzlu fəlsəfə jurnalının (International Јоurnal of Philosophy) redaksiya heyətinə üzv seçilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı müxtəlif elm sahələri üzrə 400-dən çox jurnalı nəşr edən “Science Publishing Group” azərbaycanlı filosofa məktub göndərib. Məktubda Xatirə Quliyevanın “Dünya süni intellekt sisteminin inkişafında Lütfi Zadə fenomeni” başlıqlı məqaləsinin onlarda ciddi maraq doğurduğu bildirilib. Alim jurnalın bir nömrəsinin onun redaktorluğu ilə çap olunması məqsədilə yeni elmi layihədə iştirak etməyə dəvət olunub.
Qeyd edək ki, Xatirə Quliyeva bu ilin fevral ayının 16-dan bu jurnalın redaksiya heyətində (rəyçi qismində) təmsil olunur. O. beynəlxalq elmi əlaqələrin genişləndirilməsində fəal iştirak edir. Onun Amerika, İtaliya, Pakistan, Polşa, Macarıstan, Slovakiya, Türkiyə və başqa ölkələrdə məqalə və konfrans materialları çap olunub. Alimin əsərlərinə 887 dəfə istinad edilib.





